SSRİ-də insan hüquqlarının müdafiəsi üzrə təşəbbüs qrupu
SSRİ-də insan hüquqlarının müdafiəsi üzrə təşəbbüs qrupu (rus. Инициати́вная гру́ппа по защи́те прав челове́ка в СССР) ― SSRİ insan hüquqları hərəkatının ilk sivil təşkilatı. 1969-cu ildə 15 dissident tərəfindən yaradılmış bu icazəsiz qrup altı ildən artıq müddət ərzində Sovet İttifaqında insan hüquqlarının pozulması ilə bağlı sovet dissidentləri üçün ictimai platforma kimi fəaliyyət göstərib.:291
Qrupun əsas işi sui-istifadə hallarının sənədləşdirilməsi və müraciətlərin hazırlanmasından ibarət olmuşdur. Məktublar SSRİ-də insanların məhkumluqlarına görə təqib edilməsi, xüsusən də, cəza psixiatriyasının tətbiqi və siyasi məhbuslar haqqında idi. Təşkilatın BMT-nin İnsan Hüquqları Komissiyası kimi beynəlxalq təşkilatlara müraciətlər yönəldirdir ki, bu da o dövrün dissident hərəkatları üçün qeyri-adi bir hal idi. Təşəbbüs Qrupunun sənədləri samizdat vasitəsi ilə yayılır və qərb mətbuatı tərəfindən nəşr olunur, həmçinin, Azadlıq Radiosu, BBC Dünya Xidməti və Deutsche Welle kimi radio stansiyaları vasitəsi ilə yayımlanırdı.
Qrup üzvlərinin əksəriyyəti təzyiqlərə və təqiblərə məruz qalmışdır: onlar və ailə üzvləri işlərini itirmiş, həbs olunmuş və azalıqdan məhrum edilmiş və ya Sovet İttifaqını həmişəlik tərk etməyə təşviq edilmişdirlər. 1979-cu ilə qədər qrupun bütün qurucu üzvləri həbsdə, daxili sürgündə və ya xaricdə yaşayırdılar. Bu təşəbbüs qrupu bir çox funksiyanı icra edən müxtəlif dissident təşkilatlar, habelə, Andrey Saxarovun insan hüquqları komitəsi, Moskva Helsinki qrupu və Psixiatriyadan sui-istifadənin arşadırılması üzrə komissiya üçün xəbərçi və model rolunu oynamışdır.:55;76
1968-ci ilin sonlarında filoloq və Latviyada kolxoz sədri olan İvan Yaximoviç Kommunist Partiyasına məktub yazaraq həbs edilmiş samizdat müəllifləri Yuri Qalanskov və Aleksandr Ginzburqun taleyi ilə bağlı narahatlığını ifadə edib. :24 Yaximoviçin bu məktubu geniş şəkildə ictimailəşdirildikdən sonra o, Kommunist Partiyasından xaric edilib, həbs edilib və daha sonra məhkəməsiz psixiatriya xəstəxanasına yerləşdirilib.:24
1969-cu ilin aprelində keçmiş general və dissident Pyotr Qriqorenko öz mənzilində dissident yoldaşları ilə görüşüb və rəsmi olaraq “İvan Yaximoviçi müdafiə komitəsi” yaratmağı təklif edib.